Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə Bakı Slavyan Universitetində tələbələrlə maarifləndirici görüş keçirilib. Görüşdə orqan donorluğunun əhəmiyyəti, bu sahədə görülən işlər və insan həyatında donorluğun rolu barədə ətraflı məlumat verilib.
Tədbiri giriş sözü ilə Bakı Slavyan Universiteti Tələbə Gənclər Təşkilatının sədri Rəsul Hüseynli açaraq qeyd edib ki, bu cür görüşlər gənclərin sosial məsuliyyət hissinin formalaşması baxımından xüsusi önəm daşıyır: “Gənclərin maariflənməsi və insan həyatına dəyər verən təşəbbüslərdə fəal iştirakı gələcəyin sağlam cəmiyyətinin əsasını qoyur”.
Daha sonra Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova çıxış edərək bildirib ki, orqan donorluğu insanlıq borcudur və bu addım bir insanın həyatını xilas etmək qədər dəyərli bir qərardır: “Donorluq — bir insanın həyatına işıq olmaq deməkdir. Biz istəyirik ki, gənclər bu mövzuya yalnız tibbi yox, həm də mənəvi məsuliyyət kimi yanaşsınlar”.
Ardınca mərkəzin həkim-koordinatoru Mehriban Əliyeva “Nə üçün donor olmaq vacibdir?” mövzusunda çıxış edib. O, qeyd edib ki, bu gün dünyada yüzminlərlə insan transplantasiya əməliyyatını ümidlə gözləyir və hər bir donorun qərarı bir neçə insanın həyatını dəyişə bilər: “Donorluq sadəcə tibbi proses deyil, həm də mərhəmətin, paylaşmağın və insan sevgisinin təcəssümüdür”.
Tədbir zamanı tələbələr mövzuya böyük maraq göstəriblər. Onlar donorluğun hüquqi tərəfləri, təmənnasız əsaslarla həyata keçirilməsi, canlı və ya ölümdən sonra orqan transplantasiyasının fərqi barədə suallar veriblər. Mərkəzin nümayəndələri tələbələrin bütün suallarını ətraflı şəkildə cavablandırıb.
Görüşün sonunda tədbirdə iştirak edən bəzi tələbələr ölümdən sonra donor olmaq üçün Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş razılıq ərizəsini imzalayaraq bu nəcib missiyaya könüllü şəkildə qoşulublar.
Tədbirin yekununda isə orqan donorluğunun əhəmiyyətini və insan həyatında yaratdığı dəyişiklikləri əks etdirən maarifləndirici videoçarx nümayiş etdirilib. Video iştirakçılar tərəfindən böyük maraq və emosional təsir ilə qarşılanıb.